Qum Elmi Hövzəsinin müəllimlərindən olan Höccətül-İslam vəl-müslimin Əhməd Fərbehi, Hövzə Xəbər Agentliyinin Sari müxbiri ilə söhbətində ailə həyatına tövhidi baxışın zəruriliyinə toxunaraq belə bildirib: Əmirəl-möminin Əli (ə) buyurur: «اذا اراد اللّه بعبد خیرا الهمه القناعة و اصلح له زوجه»
«Əgər Allah bir bəndəsi üçün xeyir istəsə, ona qənaəti ilham edər və həyat yoldaşını onun üçün islah edər» (Şərhi Aqa Camal Xansari Qurrarül-Hikəm, c. 3, s. 167). Ola bilsin ki, rəvayətdə işlədilən ‘zövc’ sözü həm kişi, həm də qadın üçün ümumi mənada işlənmişdir. Xüsusilə də burada ‘zövhə’ ifadəsi gətirilmiş və ‘zövcətəhu’ deyilmişdir.”
Qum Elmi Hövzəsinin müəllimi əlavə edib: Görünür, bu rəvayətlər insanın yaxşı davranış və layiqli şəxsiyyət qazanması üçün zəmin yaradan amillərə işarə edir. Yəni əgər bir şəxsin yaxşı həyat yoldaşı varsa, bu, onun gözəl aqibətə, yaxşı səadətə və sağlam şəxsiyyətə yetişməsi üçün münasib bir zəmin yaradır. Bu baxımdan ‘zövcün islahı’ insanın xeyrə çatmasının əsas amillərindən biridir.
O qeyd edib: Zövc, Allahın insanlara bəxş etdiyi nemətlərdəndir və tövhidi düşüncə tərzimiz də belədir ki, bütün əməllərimizi, hətta ixtiyari davranışlarımızı belə, Uca Allaha nisbət veririk. Baxışımız səbəblər zəncirinə deyil, sıralı (tuli) səbəbə, yəni hər şeyin ilahi səbəbinə yönəlmişdir. Şəriət də daim bizə bu cür baxışı qorumağı tövsiyə edir. Ümumiyyətlə, şəriətin tərbiyəvi prinsiplərindən biri budur ki, məsələlərə bu şəkildə yanaşaq. Məsələn, Qurani-Kərimdə buyurulur: «Şeytan sizin düşməninizdir» və ardınca gəlir: «Siz də onu düşmən tutun». Bir kəs ‘hər şey Allahın əlindədir’ desə ki, bu söz doğrudur gərək hadisələrə baxışında da bu prinsipi nəzərə alsın. Məsələn, biz deyirik ki, bu marker bir səbəbdir. Amma mənim səbəbin markerə deyil, səbəbləri yaradan Allaha etimadım daha böyükdür. Çünki məhz O, bu səbəbi səbəb etmişdir və istəsə, bu markerin səbəbiyyətini aradan qaldırar. Mən Allahın izni ilə yazıram, danışıram və iş görürəm. Eləcə də bilməliyik ki, şeytan düşməndir və ona düşmən gözü ilə baxmalıyıq.
Höccətül-İslam Fərbehi əlavə edib: Həmişə hiss etməliyik ki, bir düşmən pusqu qurub fürsət axtarır və bizi ən pis aqibətə çatdırmaq istəyir. Nəfs də eyni bu kimidir və biz onu düşmən olaraq görməliyik. Əli (ə)-dan nəql edilən bir rəvayətdə buyurulur: «انّ هذه النّفوس طلعة ان تطیعوها تنزع بکم الی شرّ غایة»
«Bu nəfslər daima tamahkardır; əgər ona itaət etsəniz, sizi ən pis aqibətə aparar» (Şərhi Aqa Camal Xansari Qurrarül-Hikəm, c. 2, s. 519). «Tuluə» – çox meyl göstərmək, fürsət axtarmaq deməkdir. Yəni nəfs daim ləzzət üçün bir yol axtarır. Əgər nəfsə tabe olsaq, o bizi ən pis sondan başqa bir yerə aparmaz.
O, işlərin islahının da ilahi əllə gerçəkləşdiyini vurğulayaraq deyib: Necə ki, Allah insanı mükəlləf etmişdir, eləcə də icazə vermiş, yardım etmiş, feyz vermiş və qüdrət bağışlamışdır. İlk rəvayətdə də qeyd olunduğu kimi, insan həyat yoldaşını nə qədər islah edə bilsə, bu, bütövlükdə onun həyatına təsir edir. Əgər həyat yoldaşının davranışında bir qüsur varsa və bu qüsur aradan qaldırılarsa, bu, təkcə bir davranışın düzəlməsi deyil. Bir həyatın düzəlməsidir. Hətta insanın öz taleyi formalaşır və övladların tərbiyəsi belə dəyişir.
Rəyiniz